May ayının 26-sı gənc sahibkarlar üçün nəzərdə tutulmuş JA “Məktəbli Şirkətlər” layihəsinin 80 iştirakçısı 2010-cu ilin “Məktəblinin Biznes Günü” tədbirində bir araya gəldilər.
Tədbir “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunmuşdur. Proqramın baş sponsorları Statoil Abşeron, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər Ltd., tərəfdaş sponsorlar Gənclər və İdman Nazirliyi, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi, Baker McKenzie və Bakcell şirkəti. Tədbirin tərəfdaşları HP və Exxon Azərbaycan Ltd. şirkətləridir.
2009-cu ilin noyabrında başlanan JA “Məktəbli Şirkətlər” layihəsinə Bakı, İsmayıllı və Mingəçevir şəhərlərinin 15 məktəbindən 80 şagird qoşulmuşdur. Layihədə iştirak edərək, yuxarı sinif şagirdləri müəllim və mentorların köməyilə sahibkarlığın əsasları və biznes planın tərtibatını öyrənirlər.
Final mərhələ zamanı məktəbli komandalar tərtib etdikləri biznes plan və nümunəvi məhsullarını münsiflər heyətinin diqqətinə təqdim etdilər. Qiymətləndirmə üçün münsiflərə süni JA pulları paylanılmışdır. Həmin pulları sərmayə etməklə, münsiflər hər təqdim olunmuş biznes ideyanı məhsulun bazarda yeni olduğu, biznesin ümumi planlaşdırması, maliyyə planı və marketinq startegiyasının mükəmməl olduğu üzrə qiymətləndirirdi.
Nəticədə, 2800 “dollar” sərmayə toplayan Bakının 6 saylı məktəbin komandası yarışın qalibi və “İlin ən yaxşı məktəbli şirkəti” elan edildi. Həmin komanda, həmçinin, ən yenilikçi məhsul nominasiyasında da qalib gəldi. Maliyyə planı üzrə mübarizədə Bakının 164 saylı məktəbin komandası qalib gəldi. Yaradıcı marketinq strategiyası və biznesin mükəmməl planlaşdırması nominasiyalarında isə Zərifə Əliyeva adına Bakı məktəbinin 2 komandası qalib gəldi. Yarışın qalibləri layihənin sponsorları tərəfindən mükafatlarla təltif edildilər. 6 saylı məktəbi təmsil edən qalib komanda yay ayları ərzində JAA tərəfdaş şirkətlərində işə hazırlıq proqramında iştirak edəcəkdir.
İlin Məktəbli Şirkəti – Bakı 6 saylı məktəb art-dizayn studiyası
Məktəbli Şirkət Kuboku və Statoil Abşeron mükafatını əldə etdi
Yaradıcı Marketinq Strategiyası – Bakı Zərifə Əliyeva adına məktəbin “B” komandası art-dizayn studiyası
Chevron mükafatını əldə etdi
Ən Yenilikçi Məhsul – Bakı 6 saylı məktəb
art-dizayn studiyası
Bakcell mükafatını əldə etdi
Mükəmməl Maliyyə Planı – Bakı 164 saylı məktəbin “A” komandası
art-dizayn studiyası
Hewlett-Packard mükafatını əldə etdi
Biznesin Mükəmməl Planlaşdırması – Bakı Zərifə Əliyeva adına məktəbin “A” komandası
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti