Azərbaycan Dövlət Neft Akademiyası və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdlər 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanıblar. Hər il təşkil olunan nüfuzlu HPGBC yarışı Ümumdünya Junior Achievement Təşkilatı tərəfindən keçirilir. Final görüşü Avqustun 16-20-si Braziliyanın San Paolo şəhərində keçiriləcək. Azərbaycanda HPGBC yarışı StatoilHydro Azərbaycan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyində 10 İyul-da keçirilən mərasimdə finalçı gənclər, Nazir Misir Mərdanov tərəfindən sertifikatlarla təltif olundular. Mərasimdə StatoilHydro Azərbaycan, USAİD, Chevron Xəzər, Bakcell, Baker McKenzie və digər şirkətlərin nümayəndələri iştirak etdilər.
JA Azərbaycan təşkilatı 2000-ci ildən etibarən yüzlərlə Azərbaycan məktəblilərinin milli və beynəlxalq biznes yarışlarında iştiraklarına imkan yaratmışdır. Fevral ayında başlanan bu ilin HPGBC yarışına dünya üzrə 300 komanda qoşulmuşdur. İlkin iki mərhələnin nəticəsi olaraq Azərbaycan, Çin, Rusiya, Polşa və Qazaxstanı təmsil edən səkkiz komanda yarışın 2009-cu ilin qalibini müəyyən edəcək final mərhələyə vəsiqə əldə ediblər.
Junior Achievement proqramlarının iştirakçısı olan Azərbaycan məktəbliləri HPGBC yarışında 2005-ci ildən uğurla iştirak edirlər: 2005-ci il – dünya üzrə 8-ci yer, 2006-cı il – 3-cü yer, 2007-ci il – 1-ci yer, 2008-ci il – 6-cı yer.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti