
25 oktyabr 2011-ci il tarixində, Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gəldi. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edir.
Forum çərçivəsində qeyri hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, yaradıcı və istedadlı gənclərin yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənməsi, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunacaq.
Forumda çıxış edən Junior Achievement Azərbaycan təşkilatının İcraçı Direktoru Rəşad Xanlarov 1998-2011-ci illər ərzində görülmüş işlər barədə söz açıb, təşkilatın yaxın perspektivləri və planları barədə danışdı. “Junior Achievement Azərbaycan təşkilatının həyata keçirdiyi biznes-tədris proqramları vasitəsilə bir çox gənclər faydalanmışdır. Proqram sayəsində gənclər tərəfindən yaradılan real kiçik və orta biznes müəssisələri bu gün nəinki Bakıda, həmçinin, regionlarımızda da fəaliyyət göstərərək inkişaf edirlər. Bu da gənclərimizin iqtisadi məşğulluğuna yardım edərək, onların sosial rifahına müsbət təsir göstərir”, - cənab Xanlarov vurğuladı.
Azərbaycan Gənclərinin VI Forumu işinə 2011-ci ilin aprel ayından başlamışdır. Aprel-sentyabr ayları ərzində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, respublikanın rayon və şəhərlərində, eləcə də Bakı şəhərində konfranslar, zona toplantıları, keçirilmişdir. Konfrans və toplantılarda respublikanın bütün rayon və şəhərlərindən VI Forumun yekun iclasında iştirak edəcək 1601 namizəd seçilmişdir. Forumda ölkə gənclərinin bütün təbəqələrini təmsil edən – gənclərin qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr, gənc alimlər, istedadlı və yaradıcı gənclər, gənc sahibkarlar və s. nümayəndələr iştirak edəcək.