Oktyabrın 27-də, “Park İnn – Azərbaycan” mehmanxanasında Junior Achievement Azərbaycan təşkilatı Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi (AMİT) proqramı tələbələrinin beynəlxalq müsabiqələrdə və iş təcrübəsi proqramında uğurlu iştiraklarına həsr olunmuş mətbuat konfransı keçirdi. 2003-ci ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və fərdi sponsorlar tərəfindən maliyyələşdirilən AMİT proqramı qabaqçıl təlim metodologiyası və praktiki təcrübə vasitəsilə ölkənin orta məktəblərində biznes və iqtisadiyyatı tədris edir.
2006-cı ildə AMİT fəaliyyətinə yeddi bölgədən əlavə 50 məktəb qoşuldu və beləliklə, iqtisadiyyat və biznesin tədrisinə iyirmi bölgədən 180 məktəb cəlb olundu. Proqramın iqtisadiyyat, sahibkarlıq, biznesin idarəolunması və etika üzrə treninq sessiyalarından ümumilikdə 25 min şagird və 300-dən artıq müəllim faydalanmışdır. Bu il doqquz AMİT şagirdi JA Peşə təcrübəsi proqramı xəttilə Statoil Azərbaycan, Exxon Mobil Azərbaycan Əməliyyat Şirkəti, McDermott Caspian Contractors İnk., KCA Deutag. və Bank Nikoil şirkətlərində müxtəlif iş sahələrində təcrübə əldə etmişdir. Həmçinin AMİT proqram xətti ilə, Ümumdünya Junior Achievement təşkilatı tərəfindən hər il təşkil olunan və Hewlett Packard korporasiyası tərəfindən maliyyələşdirilən beynəlxalq HPGBC yarışında, 150 şagird iqtisadi qərar qəbuletmə bacarıqlarını sınadı. Bakı şəhəri Zəngi liseyinin şagirdlərindən ibarət AMİT komandası 2006-ci ilin avqust ayının 14-19-da ABŞ-da keçirilən HPGBC final oyununda yarışaraq, dünyada uçuncu yerə layiq görüldü.Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini xanım Coan Polasçik USAİD-in Azərbaycanda iqtisadiyyatın tədrisinə göstərdiyi dəstəyi vurğuladı və tanınmış beynəlxalq biznes yarışlarında Azərbaycanın imicini yüksəldən bacarıqlı şagirdlərə görə Azərbaycan xalqını təbrik etdi. Təhsil Nazirliyinin Starteji Planlaşdırma Şöbəsinin müdiri cənab Fərzəli Qədirov Azərbaycanda iqtisadiyyat və biznesin tədrisində ABŞ hökumətinin və JA təşkilatının səylərini yüksək qiymətləndirdi. Cənab Qədirov həmçinin, Təhsil Nazirliyinin AMİT proqramının fəaliyyəti üçün lazımi köməklik göstərməyi davam edəcəyini bildirdi. JA Azəbaycan Direktorlar Şurasının üzvü və Project Harmony təşkilatının Ölkə üzrə Direktoru cənab Keri Kosbi Azərbaycan iqtisadiyyatının güclənməsində AMİT proqramının əhəmiyyətli rolunu vurğuladı. O, şagirdləri proqramın fəaliyyətində daha fəal iştirak etməyə çağırdı və “təhsilin məktəb və kitablarla məhdudlaşmamasını və həqiqi şirkətdə işləməyin ən bacarıqlı mütəxəssisin muhazirəsindən daha çox öyrədə biləcəyini” bildirdi.
Tədbirin sonunda JA Azərbaycan İcraçı Direktoru cənab Vüsal Xanlarov Azərbaycanda JA proqramlarını dəstəkləyən ABŞ-ın İnkişaf Agentliyinə və beynəlxalq biznes şirkətlərinə öz dərin minnətdarlığını bildirdi. Xanım Polasçik, cənab Qədirov və cənab Xanlarov tələbələri və JAA təşkilatının tərəfdaş şirkətlərinin nümayəndələrini sertifikatlarla mükafatlandırıldılar.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti