10 Mart 2010-cu il tarixində, saat 1430-da, “Avropa” mehmanxanasının “Bakı” zalında Junior Achievement Azərbaycan təşkilatı 2010-cu ilin İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışın final mərhələsini keçirəcək. Tədbir əsas sponsorlar Statoil Abşeron, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər Ltd. və tərəfdaş sponsorlar Gənclər və İdman Nazirliyi, Baker McKenzie, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AmCham) və Bakcell şirkətinin maliyyələşdirdiyi “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunur.
Tədbirdə Statoil, USAİD, Chevron və Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edəcək. Məktəb və biznes icmasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirə bütün media agentlikləri dəvət olunur.
Final mərhələyə vəsiqə qazanmış Bakının 132, 95, 264 saylı, Elitar Gimnaziya və Zərifə Əliyeva adına orta məktəbin, Ağdaş rayonunun Güvəkənd və Yuxarı Ləki kənd məktəblərinin komandaları biznesin modelləşdirməsi proqramı üzrə milli çempion titulu uğrunda mübarizə aparacaqlar. Virtual şirkəti modelləşdirərək, şagirdlər qiymət, istehsal, marketinq, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul edirlər. Verilən qərarlar məktəbli komandanın uğuru yaxud itkisi ilə nəticələnir. Yarışda ümumi olaraq Bakı, Sumqayıt və Mingəçevir şəhəri, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy rayonlarının məktəblərini təmsil edən 152 şagird iştirak etmişdir.
Tədbirdə, həmçinin, qalib şagirdlər və biznes icmasının nümayəndələri arasında yoldaşlıq yarışı keçiriləcək. Tədbir mükafatlandırma mərasimi ilə başa çatacaq.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti