
 İyun-iyul ayları ərzində geniş vüsət almış tikinti sahəsinə marağı olan və gələcək karyerasını bu sahədə görən JAA şagirdi McDermott Caspian Contractors şirkətində bir ay davam edən təcrübə proqramında iştirak etmişdi. Onun peşə üzrə məsləhətçisi – McDermott Biznes İnkişafı üzrə Əlaqələndirici xanım Qalina Yeroxinanın fikri ilə, JA Azərbaycan-ın Peşə Təcrübə Proqramı Azərbaycanda biznesin gələcəkdə uğurlu inkişafı üçün böyük töhfə verir. “JAA şagirdinin bizim şirkətimizdə təcrübə keçməsindən biz, həqiqətən, çox məmnun qaldıq”, - xanım Yeroxina deyir. “Bu gəncin ruh yüksəkliyi dərin təəssürat doğurur. Xüsusilə də o, şirkətin yeni şöbəsi üçün işçi heyəti və müştərilərin məlumat bazasının yaradılmasında bizə çox böyük kömək göstərmişdi”.
2006-cı ilin may-avqust ayları ərzində Junior Achievement (JAA) Azərbaycan təşkilatı “Peşə təcrübəsi proqramı” (PTP) vasitəsilə 9 ən uğurlu şagirdlərə təşkilatın əməkdaşlıq etdiyi şirkətlərdə həqiqi işgüzar mühitdə peşə təcrübəsi əldə etmək imkanı yaratmışdı. Hər il JA Azərbaycan təşkilatının “Məktəbli şirkətlər”, “MESE – İqtisadiyyat və menecment üzrə milli olimpiada” və “Qlobal Biznes etika” proqramlarında iştirak edən və qalib gələn 20 tələbə təşkilatın tərəfdaş şirkətlərində peşə təcrübəsi əldə etmək imkanı qazanır. Peşə təcrübəsi proqramı çərçivəsində hər tələbənin fəaliyyətinə təcrübə keçirilən şirkətin mütəxəssisi nəzarət edir. Proqram vasitəsilə iştirakçılar birgə işləməyi və iş üçün zəruri bilik və bacarıqları əldə edir, gündəlik iş zamanı qarşıya çıxan problemlərin həlli yollarını öyrənirlər. Bu təcrübə sayəsində iştirakçılar biznesdə uğur qazanmaq üçün tələb olunan yeni bilikləri öyrənir, müşahidə etdikləri fəaliyyətin şəxsi qiymətləndirməsini aparır, təhsilin və təlimin iş prosesinə olan təsirini müəyyən etməyə çalışırlar.
Bu il PTP çərçivəsində JA Azərbaycan təşkilatı Exxon Azərbaycan Əməliyyat Şirkəti, McDermott Caspian Contractors, Statoil Azərbaycan, KCA Deutag və Bank Nikoil ilə səmərəli əməkdaşlıq etmişdir. Şirkətlərin nümayəndələri 2 gündən 2 aya qədər davam edən peşə praktikası keçmək üçün işə qəbul edilmədə istifadə olunan, intervyu prosesi vasitəsilə 20 şagirddən 9-nu seçmişdirlər. Beləki, may ayında üç JAA şagirdi Bank Nikoil-da iki günlük təcrübə keçərək, bank işi və maliyyə əməliyyatı dünyası ilə yaxından tanış olmuşlar. İyul ayı ərzində KCA Deutag şirkətinin kadrlar və hesabat şöbəsi üç günlük təcrübə keçmək üçün üç tələbəni qəbul etmişdi. Neft sahəsinə maraq göstərən iki şagird Statoil Azərbaycan və Exxon Azərbaycan Əməliyyat Şirkətində keçirilən təcrübə sayəsində bu şirkətlərin yerli fəaliyyəti, müvafiq sənədləşmə, işdə təhlükəsizlik qaydaları, kadrlar şöbəsinin işi, ictimai əlaqələrlə bağlı iş üsulları, şöbələrarası iş qaydaları və texniki şöbənin strukturunu öyrənmişlər.
|